Oktyabr 16, 2021

Jurnalist cəbhəsi: 49 yaşında döyüşən jurnalist – İlham Tumas

Jurnalist İlham Tumasla şəxsi tanışlığım olmasa da, həmkar və jurnalist kimi onu çoxdan tanıyıram. Açığını deyim ki, əfsanəvi general, şəhid Polad Həşimovun xatirəsinə həsr etdiyi “Poladın 7 anı” adlı sənədli filmindən sonra onu belə demək mümkünsə, kəşf etdim. Bu dəfə “Jurnalist cəbhəsi”nin qəhrəmanı hazırda işğaldan azad edilən torpaqlarımızda vətənin əsgəri, baş leytenant kimi xidmətini davam etdirən İlham Tumasdır.

Atası Əli dayı deyir ki, biz oğlumuzun torpaqlarımızın işğaldan azad edilməsində iştirakından qürur duyuruq:

“Oğul o vaxt oğul olur ki, elini, obasını, yurdunu düşməndən qoruyur. Tovuz döyüşlərində General Polad Həşimovun qəhrəmancasına şəhidliyindən sonra İlham özünə gələ bilmirdi. Sentyabrın 21-də səfərbərlik idarəsindən çağırış vərəqəsi gəldi. Çox sevinirdi, deyirdi ki, düşməndən qisas almağın vaxtı gəldi. Səfərbərlik idarəsinə getdi, bir qədər keçəndən sonra zəng edib dedi ki, Zeynalabdin qəsəbəsində hərbi hissədəyəm. Ata, ana narahat olmayın, mən yaxşıyam, hər şey çox gözəl olacaq”.

Elə həmin gün getdi, sonra səsi rayonlarımızdan – Cəbrayıldan, Füzulidən, Laçından gəlirdi. Şuşanın işğaldan azad olunmasında iştirak edib”.

Anası Dilşad xanım isə deyir ki, İlhamın sözləri hələ də qulağımdadır: “Ana prezidentimiz qərar verib, torpaqlarımızın işğalına son qoyacağıq. Gözlədiyim gün gəldi”. Mən bir ana olaraq İlhama, bütün əsgərlərimizə, müharibədə iştirak edən oğullarımıza gecə-gündüz dua edirəm. Allaha şükürlər olsun, torpaqlarımız işğaldan azad olundu. İnşa Allah, İlham sağ-salamat gəlsin qurbanını kəsəcəyik. Bir qurbanı da İlhamın ata yurdu Cəbrayılda kəsiləcək”. 

İlhamın qardaşı İslam Ağayev İlhamın 1992-1993-cü birinci Qarabağ döyüşlərində könüllü iştirak etdiyini dedi:

“Müddətdən artıq zabit kimi 2000-ci ildə Murovda Polad Həşimov, Raquf Orucovla bir yerdə xidmət etmişdi. Həm də dost idilər. Çağırış vərəqi gələndə anında getdi. Bəlkə də bəzi insanlar 49 yaşında cəbhəyə getməkdən çəkinər. İlhamın təzyiqi var, səhhətində də problemlər vardı. Amma səbəb gətirmədi, vətənə layiqincə xidmət göstərdi, döyüşdü”.

İslam Ağayev Tumas ləqəbinə də aydınlıq gətirdi. Deyir ki,Tumas Cəbrayılda dağ adıdır: “Bir vaxtlar mən də bu adı istəyəndə demişdi hələ tezdir. İki-üç il əvvəl isə dedi götür, icazə verirəm. Dedim yox, mənim haqqım deyil, ona haqqı çatan insanlar götürsün qoy”.