Oktyabr 16, 2021

Bizimkilər – İlham Tumas: “Gündəliyimi yazıram, Leninin kitablarına baxıram…” – FOTOLAR

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış – “jurnalist ordusu”nu tanıtmağa hesablanıb… Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq… Beləliklə…


“Bizimkilər”in növbəti qonağı tanınmış jurnalist İlham Tumasdır.

İlham Tumas 1972-ci il oktyabrın 19-da Sumqayıt şəhərində anadan olub.  1990-1992-ci illərdə Bakı Dövlət Universitetinin fizika və 1993-1996-cı illərdə isə universitetin sosial elmlər və psixologiya fakültəsində  təhsil alıb. İxtisasca filosofdur.

1992-1993-cü illərdə könüllü olaraq Qarabağ döyüşlərində iştirak edən jurnalist  N saylı hərbi hissənin tərkibində əlahiddə “Qurtuluş”  taborunda Tərtər, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib:


“1992-ci ildə tələbəykən “Qurtuluş” taburunda olduq, Tərtərdə gedən döyüşlərdə iştirak elədik. Onda “fizfakda” oxuyurdum, qayıdandan sonra fərq imtahanı ilə keçdim fəlsəfəyə. Universiteti 1996-cı ildə bitirdim, qısa müddət yenidən mətbuatda işlədim. Sonra isə o vaxt Ali Diplomatiya Kolleci var idi, orada bir müddət prorektorun köməkçisi, sonra elmi katib kimi çalışdım. Rəhmətlik filosof Cəmil Əhmədlinin yanında. Sonra da zabit kimi təzədən hərbi xidmətə getdim, Murov bölgəsində oldum”.

İlham Tumas 1996-2000-ci illərdə zabit kimi N saylı hərbi hissədə tağım komandiri, kadrlar və nizami bölmə rəisinin müavini kimi hərbi xidmət keçib, ehtiyatda olan baş leytenantdır.

Hərbçilikdən jurnalistikaya gedən yol…

“Etiraf edim, jurnalistikaya gəlişim sırf dolanışıq ucbatından olub. Tələbəydim, döyüşlərdən yeni gəlmişdim. Bakıda kirayə qalırdım, tələbə kimi yaşamalıydım.  Qəzetlərə yazılar verməyə başladım.  “Avrasiya”, “Kino” qəzetlərində yazılarım çıxırdı, xırda qonorarla yaşamalıydım. Beləcə, başladı hər şey…

Ancaq ilk yazım 1992-ci ildə könüllü döyüşçü olduğum vaxtlarda “Azərbaycan” qəzetində çıxıb. Bakıya gələndə Rüstəm Behrudiyə  Qarabağ döyüşləri ilə bağlı bir yazı gətirdim – “Ruhların söhbəti” adlı.  Şairimiz sağ olsun, 19 yaşlı gəncin yazısını 300 min tirajı olan qəzetdə verdi”.

Müsahibimiz müxtəlif mətbu orqanlarda, o cümlədən, “Avrasiya”, “Kino”, “Ayna”, “Panorama”, “Hürriyyət”, “Vətəndaş Həmrəyliyi”, “Xural”, “Ekspress”, “24 saat”, “Nota Bene” qəzetlərində çalışıb. 2008-ci ilin martından noyabrına qədər “24 Saat” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.
Televiziyalarda sənədli filmlər müəllifidir. ANS TV-də Seyid Cəfər Pişəvərinin həyatından bəhs edən “Bir qəzanın tarixçəsi” və Birinci Cümhuriyyət dövrünə dair “Cümhuriyyət qurbanları”, AzTV-də “Heydər Əliyevə apologiya”, “Naxçıvan həqiqətləri”, “Vanqa”, “Qorxulu Rasputin”, “İvanovka nümunəsi” və digər çoxsaylı sənədli filmlərin müəllifidir. “Salnamə” Sənədli Filmlər Studiyasinda “Təxəllüsü Mixaylo”, “Sualtı səltənət” sənədli filmlərinin redaktoru olub.
APA TV-də “İlham Tumasla 40 dəqiqə” müəllif-layihəsinin aparıcısı olub.

“O illər üçün çox darıxıram..”


İlham Tumas deyir ki, o, jurnalistikaya gələndə qəzetlər köhnə üsulla çıxırdı:


“Qurğuşunun havasını udmuşam. Aylarla redaksiyalarda qaldıq, illərlə səhər açılanda getdik evə… Çətin idi. Amma  deyim, o illər üçün çox darıxıram.

Bu gün isə jurnalistika yoxdur.  Əgər biri istədiyini, təbii, normal və yazıya yarayan istədiyini yazmağa bir yer tapmırsa, hansı jurnalistikadan danışım?  Bu gün bilirsiniz, Azərbaycanın adlı-sanlı jurnalistləri hamısı kənardadır. Qəzetlərə, mətbu orqanlara etibar eləyən, can, nəfəs verən peşəkarlar qaçdı bu sahədən. İnciməyin, vallah, əvvəllər başqa idi… İndi baş verənlər çatmır mənə”.

“Bir daha olmayacaq..”

Təəssüf  ki, həmkarımızın  jurnalistika ilə bağlı pessimist düşüncələri var:

“Jurnalistika ilə bağlı bütün gerçəklik mənim üçün ondan ibarətdir ki… Bir daha olmayacaq. Sosial şəbəkə – əsasən Facebook artıq yeni jurnalistikadı məncə. Nə qədər pessimist səslənsə də, belə düşünürəm. Özümə gəldikdəsə, əsasən kitablar oxuyuram, gündəliyimi yazıram, gündəmi izləyirəm ki, görüm nələr baş verir. Şair demişkən, “baxıram Leninin kitablarına, dəstədən geridə qalmamaq üçün… Vəssalam!”.