Oktyabr 16, 2021

İlham Tumas: “Bundan sonrakı həyatım onlarındır…” – MÜSAHİBƏ

“Yazmıram, sadəcə, düşünə-düşünə, deyə-deyə çərləyirəm…”

“Görünür ki, ya məni çox əsəbləşdirirlər, ya da mən çox gərginəm “

“Artıq bəzi şeylərə qərar vermişəm həyatımda”

Doğmalıq hiss etdiyin adamlardan müsahibə almaq çətindir. İlham Tumas da belə adamlardadır. Mən həmişə ona “Abi” deyərək, müraciət etmişəm. Hətta  iş yoldaşı da olmuşuq, bir süfrə arxasında da tez-tez otururuq. Amma müsahibə zamanı nədənsə, “sınız, mınızla” danışmağa başladım. Rəsmiyyətin gərək olduğunu hiss etdim. Bu, İlham Tumas şəxsiyyətinin böyüklüyündən irləli gəlirdi…  Beləliklə, metbuat.az saytının müsahibi tanınmış jurnalist İlham Tumasdır. 


– İlham Tumas kimdir?

– Kiməsə özümü təqdim edəndə demirəm ki, filan yerdə işləyir, filankəsdir, sadəcə deyirəm, İlham Tumasdı. Amma özüm-özümlə danışanda – ya söyəndə, ya tərif edəndə özümə həmişə Ağayev kimi müraciət edirəm. Çünki İlham Tumas cəmiyyətin tanıdığı İlham Tumasdır, amma Ağayev özüməm, içimdir, onunla daha sərtəm, daha yaxın bilirəm onu özümə. Ona görə, özümü məzəmmət edəndə də, öyəndə də Ağayevlə danışıram, Tumasla işim yoxdur.

– Jurnalist fəaliyyətinizdən öncə hərbçi olmusunuz. Hərbçilikdən jurnalistikaya qədər olan yolu necə keçmisiniz?

– Mən 1992-ci ildə, tələbə olarkən könüllü olaraq müharibəyə getmişdim. Həmin vaxtlar yazı-pozu ilə yüngülvari məşğul idim. Amma sırf jurnalistikaya gəlməyim dolanışıq ucbatından olub. 90-cı illərin əvvəllərində iş filan yox idi, 94-95-ci illərdə çox çətin vəziyyət idi. İlk yazım 1992-ci ildə “Azərbaycan” qəzetində çıxıb.

– İxtisasınız?

– İxtisasca filosofam, diplomumda fəlsəfə müəllimi, filosof yazılıb.

– O sahə ilə məşğul olmursunuz?

– Xeyr. 5-ci kursda oxuyanda aşağı kurs tələbələrinə orta əsr fəlsəfəsindən sınaq mühazirəsi dedim. Mövzu orta əsrlərdə cəngavərlik institutu idi. Cəngavərlik institutu nədir, cəngavərlər necə sevirdilər, necə döyüşə gedirdilər, onların platonik məhəbbəti və sair və ilaxır.

– Müharibədə olmusunuz…

– 1992-ci ildə tələbəykən “Qurtuluş”da olduq, Tərtərdə gedən döyüşlərdə iştirak elədik. Onda “fizfakda” oxuyurdum, qayıdandan sonra fərq imtahanı ilə keçdim fəlsəfəyə. Könüllü getdiyimiz üçün qayıtmaqda problem olmadı. Universiteti 1996-cı ildə bitirdim, qısa müddətlik mətbuatda işlədim. Sonra isə o vaxt Ali Diplomatiya Kolleci var idi, orada bir müddət prorektorun köməkçisi, sonra elmi katib kimi işlədim. Rəhmətlik Cəmil Əhmədli yanında. Sonra da zabit təzədən hərbi xidmətə getdim, 4 il Murov bölgəsində oldum. – Rütbəniz?

Ehtiyatda olan baş leytenantam.


– Rey Kərimoğlu ilə dostluğunuz həmin vaxtdan başlayıb?

– Yox, Rey Kərimoğlu ilə təxminən 2002-ci ildə tanış olmuşuq. O vaxtdan bəri dostuq, onu böyük qardaşım sayıram…

– Qarabağ müharibəsi veteranısınız…

– Hə, hökümətimiz buna görə 50 manat pul verir. Mənim üçün ən şirin pul da odur. O pulu alan kimi həmişə çalışıram yeyib-içməyə sərf edim (Gülür).

– Müharibə başlasa zabit, yoxsa əsgər kimi gedərsiniz?

– Vallah, necə aparsalar, elə də gedərəm. Yəqin ki, zabit kimi apararlar. Canım, sağlamlığım nə qədər ki, imkan verir, gedərəm.

– Jurnalistikaya nə vaxt gəlmisiniz?

– Fasiləsiz olaraq artıq 2000-ci ildən jurnalistikada, televiziyadayam. O vaxtdan bu sahədən ayrılmamışam. Uzun müddət “Ekspress” qəzetində, “ATV”də işləmişəm.

– ATV-də yayımlanan “Gizli Tarix”layihəsi niyə davam etmədi?

– Əslində, mənə ünvanlanası sual deyil, ancaq inanın, bu gün də tanımadığım insanlar “Gizli tarix” yaxşı layihə idi, niyə davam etdimədiniz” deyə soruşurlar. Ya da deyirlər, filan filmi axtarıram, tapa bilmirəm. Baxıram ki, cavan uşaqlardı, filmlərlə, araşdırmalarla maraqlanırlar. Bu da mənə açığı, çox xoşdu. Çünki, adam çəkdiyi zəhmətin bəhrəsini görür. “Gizli Tarix”in kitabı da çıxmışdı. Onu satışa vermədik, dostlara payladım. Çalışıram o kitabı daha geniş formatda buraxaq. Hesab edirəm ki, tarixin bəzi gizlinlərinin üzərinə işıq sala bildik. Beyinlərdə oturuşmuş bəzi fikirlər, stereotiplər var idi ki, onları müəyyən qədər də olsa, dağıda bildik. Ona görə, bu filmləri “YouTube’-a yerləşdirmək lazımdır, qoy maraqlananlar baxsınlar. Bu mənada Azərbaycan filmləri kanalını yaradan Vüsal Ağayevin zəhmətini çox dəyərləndirmək lazımdı. Təbii ki, dövr keçir, elə yeni faktlar aşkara çıxır ki, mənim vaxtımda onları tapmaya bilərəm. Qoy, insanlar müzakirə eləsinlər, iradlarını bildirsinlər ki, filan filmdə İlham Tumas bunu gərək eləyə idi və yaxud bunu səhv eləyib. Layihədə elə bir adam yoxdur ki, onun haqqında film olmasın. Məsələn, insanlara maraqlıdır, leytenant Şmidt kimdir? Niyə onun adını zavoda vermişdilər? Yaxud Stepan Razin. Niyə Bakıda Razin qəsəbəsi vardı? O kim idi, onu Azərbaycanla bağlayan nə idi? Quldur idi, yoxsa qəhrəman? Yaxud Cümhuriyyət generallarından, qurucularından filmlər var. Onların hamısı nurlu kişilərdir, onları gərək unutmayaq. Biri var filmi götürüb tərcümə edirsən, biri də var mən onları araşdırma edirdim, sonra isə ssenari halına salırdım. Sən Allah, bu layihə mənim yaralı yerimdi, çox dindirmə (Gülür). İnşallah, yəqin, nə vaxtsa, hansısa televiziyada təzədən başlayarıq.